SOCAR ilə ABŞ-nin “Comstock Resources, Inc.” şirkəti arasında strateji tərəfdaşlığın yaradılması istiqamətində niyyət məktubu imzalanıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, razılaşmaya əsasən, SOCAR “Comstock” şirkətinin “Legacy Haynesville” upstream aktivlərində 20 faiz, “Western Haynesville” upstream aktivlərində isə 15 faiz iştirak payı əldə edəcək.
Bundan əlavə, SOCAR “Pinnacle Gas Services LLC” şirkətində “Comstock”a məxsus 73 faizlik payın 15 faizini alacaq.
“Western Haynesville” aktivlərində SOCAR-ın 15 faizlik iştirak payının investisiyalar üzrə 15 faiz gəlirlilik səviyyəsinə çatdıqdan sonra müəyyən şərtlərlə 7,5 faizə endirilməsi nəzərdə tutulur.
Əməliyyatın ümumi dəyərinin standart alış qiyməti üzrə düzəlişlər nəzərə alınmaqla 1,65 milyard ABŞ dolları olacağı bildirilir. Əməliyyatın maliyyələşdirilməsi ilə bağlı tədbirlərin SOCAR tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Tərəflər yekun alqı-satqı müqaviləsinin 31 oktyabr 2026-cı ilədək imzalanmasını, bütün zəruri dövlət və üçüncü tərəf təsdiqləri alındıqdan sonra isə əməliyyatın 31 dekabr 2026-cı ilədək tamamlanmasını hədəfləyirlər.
Strateji əməkdaşlıq çərçivəsində SOCAR-ın “Comstock” tərəfindən “Legacy Haynesville” və “Western Haynesville” ərazilərində gələcəkdə yaradılacaq yeni imkanlarda da öz iştirak payına uyğun şəkildə təmsil olunması planlaşdırılır.
Tərəflər, həmçinin “Comstock”un hasil etdiyi təbii qazın beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.
SOCAR prezidenti Rövşən Nəcəf bildirib ki, tərəfdaşlıq hər iki şirkətin təcrübə və imkanlarının birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, SOCAR “Haynesville” və “Western Haynesville” yataqlarının işlənməsi sahəsində böyük təcrübəyə malik komanda ilə birgə investisiya həyata keçirməkdə maraqlıdır.
Razılaşmaya əsasən, “Comstock” upstream və midstream aktivlər üzrə operatorluğunu və nəzarətini qoruyub saxlayacaq. Şirkət həmçinin “Pinnacle Gas Services LLC”nin idarə edilməsini və əməliyyat nəzarətini davam etdirəcək.
Gələcək işlənmə proqramları, yeni icarə və satınalmalar üzrə SOCAR-ın proporsional iştirakı isə yekun əməliyyat çərçivəsində ayrıca razılaşmalar əsasında müəyyənləşdiriləcək.
