İLKİNxeber.az informasiya agentliyi məlumat verir ki, CNN internet səhifəsində dərc olunan materialda Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, eləcə də guya İsrailə məxsus qüvvələrin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı iddialar yer alıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, həmin iddialar tamamilə əsassızdır və qəti şəkildə rədd edilir. Qeyd olunub ki, bu məzmunlu iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib və CNN-in sorğusuna cavab olaraq rəsmi mövqe əvvəlcədən redaksiyaya təqdim olunub.
Bildirilib ki, anonim mənbələrə istinadla və Azərbaycanın rəsmi mövqeyi nəzərə alınmadan yayılan məlumatlar jurnalistikanın obyektivlik və peşəkar etika prinsiplərinə ziddir.
Azərbaycan tərəfi bir daha vurğulayır ki, ölkə ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar və ya kəşfiyyat fəaliyyəti üçün istifadə olunmasına heç vaxt icazə verilməyib və verilməyəcək.
İLKİNxeber.az informasiya agentliyi bildirir ki, bu mövqe Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına əsaslanır və regionda sülh, sabitlik və mehriban qonşuluq prinsiplərinə sadiqlik bir daha təsdiqlənir.
