Qərbi Azərbaycanın Urmiya şəhərindən olan 75 yaşlı Rita Cəbəli qətlə yetirilib.
İlkinxeber.az informasiya agentliyi yerli mediaya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, saxlanılan şəxsin bank işçisi olduğu bildirilir. İddialara görə, o, Rita Cəbəlinin bank hesabları və maliyyə əməliyyatları barədə məlumatlı olub. Qətlin tamah məqsədilə törədildiyi ehtimal edilir.
Urmiya polisi bildirib ki, şübhəli şəxs qadını öldürdükdən sonra meyiti şəhərdən kənar ərazidə gizli şəkildə dəfn edib.
Qeyd edək ki, 1951-ci ildə Urmiyada anadan olan Rita Cəbəli 1969-cu ildə, 18 yaşında keçirilən müsabiqədə “İran gözəli” seçilib. O, sonrakı illərdə İranı təmsil edərək bir sıra beynəlxalq gözəllik yarışlarında iştirak edib.
