Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində ağır cinayət hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə zamanı qonşusunun xahişi ilə internet kabeli çəkməyə gedən şəxs kabeli digər bir qonşunun həyətindən keçirmək istəyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və qarşıdurma qanlı nəticə ilə yekunlaşıb. Mübahisə zamanı şəxslərdən biri digərinə çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.
Qətlə yetirilən şəxsin 45 yaşlı Xaliq Bağırov olduğu müəyyən edilib. O, telefon və internet xətlərinin çəkilişi ilə məşğul olub.
Mərhumun həyat yoldaşı Günel Bağırovanın sözlərinə görə, Xaliq Bağırov hadisə günü qonşulardan birinin çağırışı ilə internet kabeli çəkməyə gedib. Bildirilir ki, mübahisə nə mərhumun, nə də şübhəli şəxsin evində baş verib. Qarşıdurma kabel çəkilişi aparılan üçüncü qonşunun mənzilində yaşanıb.
Ailə üzvləri hadisənin yalnız internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını bildirir və qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edirlər.
Hadisə ilə bağlı Ceyhun adlı şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir. Qətlin dəqiq motivi, başvermə şəraiti və saxlanılan şəxsin hadisədəki rolu istintaqın yekununda müəyyənləşəcək.
