Dövlət ümumi təhsil müəssisələrində müəllim və şagirdlərin geyim qaydalarına dair tələblərin hüquqi əsaslarının yaradılması nəzərdə tutulur.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, bununla bağlı dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna təklif edilən əlavələrdə əks olunub.
Layihəyə əsasən, müəllimlərin geyimi ilə bağlı vahid yanaşmanın tətbiqi təhsil müəssisələrində peşəkar iş mühitinin, nizam intizamın və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edəcək. Bildirilir ki, müəllim yalnız bilik verən şəxs deyil, həm də davranışı, ünsiyyət tərzi və xarici görünüşü ilə şagirdlər üçün nümunə rolunu oynayır.
Qeyd olunur ki, səliqəli və işgüzar geyim müəllimin peşəkar nüfuzunu artırmaqla yanaşı, dərs prosesində diqqətin yayınmasının qarşısını alır, sinif idarəçiliyinə və effektiv ünsiyyətə müsbət təsir göstərir. Eyni zamanda, bu yanaşma şagirdlərdə peşəkar davranış, etik normalar və müxtəlif mühitlərə uyğun geyim mədəniyyətinin formalaşmasına dəstək verir.
Təklif edilən dəyişikliklərə görə, müəllimlərin geyimi həm rahat və praktik olmalı, həm də təhsil müəssisəsinin peşəkar mühitini əks etdirməlidir. Bu, məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına, kollektiv daxilində həmrəyliyin və ortaq dəyərlərin möhkəmlənməsinə töhfə verəcək.
Qanun layihəsində məktəbli formasına dair tələblərə əməl olunmasının da hüquqi müstəvidə təsbit edilməsi nəzərdə tutulur. Dəyişikliklər şagirdlərin müəyyən edilmiş geyim qaydalarına riayət etməsini qanunvericilik səviyyəsində tənzimləməyi hədəfləyir.
Sənəddə vurğulanır ki, bu yeniliklər yalnız geyim məsələsini əhatə etmir. Əsas məqsəd məktəblərdə vahid idarəetmə sisteminin gücləndirilməsi, sağlam və peşəkar təhsil mühitinin formalaşdırılması, məktəb ailə əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinin təşviq edilməsidir.
Təklif olunan dəyişikliklər təhsil sistemində vahid yanaşmanın gücləndirilməsi istiqamətində mühüm institusional addım kimi qiymətləndirilir.
