İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Səbail rayonunda ilkin mərhələdə təxminən 15-20 binanın sökülməsi nəzərdə tutulur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söküntü planına Yüzbəy Mürsəlov, Qurban Abbasov və Salman Mümtaz küçələrində, 20-ci sahədə, Xanlar küçəsində, eləcə də Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binalar daxildir.
Məlumata əsasən, sözügedən tikililər əsasən istismar müddəti başa çatmış binalardır. Ərazilərin bir hissəsində inventarizasiya, bəzi binalarda isə qiymətləndirmə işləri artıq aparılıb.
Söküləcək mənzillərə görə kompensasiya məbləği ərazidəki bazar qiymətləri nəzərə alınmaqla müəyyənləşdirilir. Hazırda qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiyanın hər kvadratmetr üçün 1 500-2 200 manat aralığında olduğu bildirilir. Bununla belə, məbləğ binadan və konkret mənzildən asılı olaraq dəyişə və daha yüksək ola bilər.
Söküntü layihələrinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi planlaşdırılır. İnvestor hesabına sökülən binaların yerində yeni yaşayış komplekslərinin tikilməsi, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işləri, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
