İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, nazirliyin rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin üzvləri, eləcə də türk dünyasından gələn şair və yazıçılar iştirak ediblər.
Açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev bildirib ki, Vaqif Poeziya Günləri ədəbiyyat və mədəniyyət sahəsində ən əlamətdar tədbirlərdən biridir. O, builki proqramın zənginliyini vurğulayaraq bu tədbirin türk dövlətləri arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Xalq şairi Vahid Əziz isə çıxışında poeziya günlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. O, bu ənənənin davamlı xarakter almasını milli-mədəni dəyərlərə göstərilən xüsusi qayğının nümunəsi kimi dəyərləndirib.
Tədbir çərçivəsində “Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı”nın qaliblərinin mükafatlandırılması mərasimi də baş tutub. Qaliblər diplom və mükafatlarla təltif olunublar.
Sonda tədbir bədii kompozisiya ilə davam etdirilib.
