İlkinxeber.az informasiya agentliyinin məlumatına əsasən, Lənkəran rayonunda fəaliyyət göstərən hotellərdən birində quldurluq hadisəsi baş verib.
Məlumata görə, hotelin iki əməkdaşı olan qadınlara kəsici alətlə hücum edilib. Hadisə zamanı zərərçəkənlər xəsarət alıb, onlara məxsus qızıl-zinət əşyaları isə aparılıb.
Polisin həyata keçirdiyi tədbirlər nəticəsində hadisədə şübhəli bilinən şəxs müəyyən olunub. Saxlanılan şəxsin hotelin inzibatçısı, 49 yaşlı Xalıq Cahangirov olduğu bildirilir.
İstintaq zamanı məlum olub ki, o, diqqət çəkməmək və tanınmamaq məqsədilə əvvəlcədən maska və xüsusi geyim hazırlayaraq hadisəni planlı şəkildə həyata keçirib.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə Xalıq Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib. Fakt üzrə araşdırmalar davam etdirilir.
