Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Turizm şirkətinə məxsus sərnişin avtobusu Dənizli-Aydın avtomobil yolunda idarəetmədən çıxaraq yol kənarındakı maneələrə çırpılıb. Zərbənin təsirindən avtobusda yanğın başlayıb.
İlkinxeber.az xəbər verir ki, hadisə nəticəsində sürücü də daxil olmaqla 8 nəfər həyatını itirib, 33 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Məlumata görə, İzmir şəhərindən Antalya istiqamətində hərəkət edən avtobusda ümumilikdə 38 sərnişin və 3 nəfər heyət üzvü olub.
Qəza səbəbindən Dənizli istiqamətində nəqliyyatın hərəkəti bir neçə saat məhdudlaşdırılıb. Hadisə yerində aparılan xilasetmə və təmizlik işlərindən, həmçinin yanmış avtobusun ərazidən götürülməsindən sonra yol yenidən istifadəyə verilib.
Faktla bağlı araşdırma aparılır.
