ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların istənilən sürətlə irəliləmədiyini bildirib.
İlkinxeber.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, İran tərəfi danışıqlarda sərt mövqe nümayiş etdirir və bu səbəbdən proses vaxt aparır.
“İstədiyimiz nəticələrə çatmaq üçün daha çox zamana ehtiyac yaranır. İranlılar çətin danışıq aparan tərəfdir və buna görə də proses ləng gedir”, – deyə Tramp qeyd edib.
O bildirib ki, aparılan müzakirələr zamanı İran nüvə silahı hazırlamamaq və belə silahlara sahib olmamaq öhdəliyini qəbul edib. Trampın sözlərinə görə, hazırda müzakirə olunan razılaşma layihəsində Tehranın nüvə silahı əldə etməyəcəyi və bu istiqamətdə fəaliyyət göstərməyəcəyi açıq şəkildə əks olunub.
ABŞ Prezidenti bunu tərəflərin mövqelərində mühüm dəyişiklik kimi qiymətləndirib və əldə olunacaq mümkün sazişin regionda gərginliyin azalmasına töhfə verə biləcəyini vurğulayıb.
Tramp əlavə edib ki, yekun razılaşma əldə olunacağı təqdirdə, sazişin tərkib hissələrindən biri kimi Hörmüz boğazında gəmiçilik fəaliyyətinin maneəsiz davam etdirilməsi məsələsi də nəzərdən keçirilə bilər.
