Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyası ağır nəticələrə səbəb olmağa davam edir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı son açıqlamaya əsasən, ölkədə virusa yoluxanların sayı 2073 nəfərə çatıb. Onlardan 796 nəfəri həyatını itirib.
Məlumata görə, iyulun 13-də virusun daha iki əyalətə yayılması təsdiqlənib. Bu isə epidemiyanın daha geniş əraziləri əhatə etdiyini göstərir.
Xatırladaq ki, ÜST mayın 17-də Konqo Demokratik Respublikası və qonşu Uqandada müşahidə olunan Ebola epidemiyasını qlobal səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Hazırda əsas problemlərdən biri “Bundibuqio” ştamına qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulunun olmamasıdır. Bu səbəbdən xəstələrə əsasən simptomların yüngülləşdirilməsinə yönəlmiş tibbi yardım göstərilir.
Müalicə zamanı xəstələr təcrid olunur, onların orqanizmində maye balansı qorunur və ağrıların azaldılması üçün müvafiq tədbirlər görülür.
Qeyd edək ki, daha əvvəl bu təhlükəli Ebola ştamına qarşı ilk peyvənd sınaqlarına başlanıldığı barədə məlumatlar yayılıb.
