İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim böhranından ən çox zərər çəkən ölkələr sırasında olduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan da Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlim çağırışları ilə üzləşir.
Prezidentin sözlərinə görə, kiçik ada dövlətləri qlobal istixana qazı emissiyalarında cüzi paya malik olsalar da, iqlim dəyişiklikləri onların iqtisadiyyatına, infrastrukturuna, yaşayış mənbələrinə və ekosistemlərinə ciddi təsir göstərir.
İlham Əliyev vurğulayıb ki, bu ölkələrin üzləşdiyi problemlərin həlli daha sıx beynəlxalq əməkdaşlıq və əlaqələndirilmiş qlobal fəaliyyət tələb edir.
Dövlət başçısı bildirib ki, inkişaf etməkdə olan kiçik ada dövlətlərini müdafiə etmək yalnız ümumi məsuliyyət deyil, heç bir ölkənin diqqətdən kənarda qalmamasını təmin etmək istiqamətində mənəvi borcdur.
