İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən Zirvə görüşünün iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından əhəmiyyətini vurğulayıb.
Həmçinin 10 fevral 2026-cı ildə imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.
Tərəflər iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, investisiyaların təşviqi, Orta Dəhlizin inkişafı, regional nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi məsələlərini də müzakirə ediblər.
Görüşdə TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi əlaqələrin inkişafına, Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz bağlantının təmin edilməsinə verəcəyi töhfə də diqqətə çatdırılıb.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyi, əldə olunmuş razılaşmaların icrası və regional kommunikasiyaların açılması istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının qarşılıqlı maraq doğuran istiqamətlər üzrə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
