İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Asiya İnkişaf Bankı (ADB) Biləcəri ilə Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolu xəttinin modernləşdirilməsi üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Vəsait hesabına dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi nəticəsində dəmir yolu xəttində sabit cərəyandan daha səmərəli dəyişən cərəyana keçid təmin ediləcək. Bunun enerji sərfiyyatının və texniki xidmət xərclərinin azalmasına, qatarların hərəkət sürətinin artırılmasına və istixana qazı emissiyalarının azaldılmasına imkan verəcəyi gözlənilir.
Bundan əlavə, layihənin “Azərbaycan Dəmir Yolları” QSC-də layihələrin idarə edilməsi imkanlarının gücləndirilməsinə və texniki, nəzarət və idarəetmə sahələrində qadınlar üçün yeni iş imkanlarının yaradılmasına töhfə verəcəyi bildirilir.
ADB qeyd edib ki, Biləcəri–Yalama xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq şəbəkəsinin əsas bağlantılarından biridir və Azərbaycanın regional nəqliyyat, logistika və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.
