Konqo Demokratik Respublikası (KDR) rəhbərliyi Ebola virusunun yayılması fonunda elan edilən fövqəladə vəziyyət rejiminin əhatə dairəsini genişləndirib.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə “RuNews24” nəşri xəbər yayıb.
Rəsmi açıqlamaya əsasən, Ebola virusunun yayıldığı bölgələrin siyahısına Çopo və Yuxarı Uele əyalətləri də daxil edilib. Ölkənin səhiyyə naziri Roje Kamba bildirib ki, hər iki əyalətdə iki yoluxma faktı təsdiqlənib.
Epidemiyanın daha ağır mərhələsi isə İturi və Şimali Kivu əyalətlərində müşahidə olunur. Virusun geniş yayıldığı bu ərazilər sanitariya xidmətlərinin xüsusi nəzarətinə götürülüb.
Son statistik göstəricilər narahatlıq doğurur. Xəstəlik yayılmağa başladığı vaxtdan bu günə qədər təxminən 1 800 yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 625 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) region üzrə risk səviyyəsinin yüksək olduğunu açıqlayıb.
