Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
“İlkinxeber.az” xəbər verir ki, qəza günorta saatlarında Ələt–Astara magistralının Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Biləsuvar istiqamətində hərəkət edən, 19 yaşlı Kamran Mahmudovun idarə etdiyi “Kia” markalı minik avtomobili qarşıda hərəkətdə olan və dönmə manevri etmək istəyən “Zil” markalı yük avtomobilinə çırpılıb. Zərbənin təsirindən yük avtomobili yol kənarına aşıb.
Hadisə nəticəsində “Zil” markalı avtomobildə olan 32 yaşlı Fikrət Əliyev və “Kia”da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər 32 yaşlı şəxsin vəziyyətini ağır qiymətləndirir.
Məlumata görə, “Kia” markalı avtomobildə olan şəxslər Biləsuvar rayonunda keçiriləcək toy mərasiminə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.

