Bakı şəhərində son dövrlərdə müşahidə olunan güclü yağışlar, küçə və tunellərdə yaranan su basmaları ilə bağlı mütəxəssis açıqlaması yayılıb.
İLKİNxeber.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Coğrafiya İnstitutu dosenti Həsən Nəbiyev “Haqqin.az” saytına açıqlama verib. Haqqin.az istinadla yayılan məlumatda qeyd olunur ki, intensiv yağıntıların artması qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirilir.
Mütəxəssisin sözlərinə görə, Arktika bölgəsində buzlaqların əriməsi, atmosfer dövranında baş verən dəyişikliklər və rütubətli hava kütlələrinin hərəkət trayektoriyasının dəyişməsi regionda güclü yağıntıların daha tez-tez müşahidə olunmasına səbəb olur. O bildirir ki, cənub istiqamətindən gələn siklonlar Cənubi Qafqaz üzərindən keçərək intensiv yağışların yaranmasına şərait yaradır.
Açıqlamada qeyd olunur ki, relyef xüsusiyyətləri də bu proseslərdə mühüm rol oynayır. Dağlıq ərazilərdə olduğu kimi, Gəncə bölgəsində hava kütlələrinin qalxması güclü yağıntıları artırdığı halda, Bakı şəhərində isə yüksək binaların və urbanlaşmanın hava axınlarına təsiri nəticəsində oxşar proseslər müşahidə edilə bilər.
Həsən Nəbiyev bildirib ki, atmosfer təzyiq fərqlərinin kəskinləşməsi və frontal zonaların aktivləşməsi nəticəsində regionda güclü yağışlar, külək və sel riski yaradan hava hadisələri daha tez-tez baş verə bilər. Onun fikrincə, aparılan müşahidələr bu tip proseslərin yaxın illərdə də davam edə biləcəyini göstərir.
Mütəxəssis həmçinin Avropanın bəzi ölkələrində əvvəllər qeydə alınmış güclü yağıntı və daşqın hadisələrini xatırladaraq, oxşar atmosfer şəraitinin region üçün də risk yaratdığını qeyd edib.
İLKİNxeber.az məsələ ilə bağlı aidiyyəti qurumların açıqlamalarını təqdim etməyə davam edəcək.
