Azov dənizindəki faciə ilə bağlı son vəziyyət açıqlandı: 4 azərbaycanlı həlak olub, 4 nəfər yaralanıb
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilən hücum nəticəsində zərər çəkən Azərbaycan vətəndaşlarının sayı və vəziyyəti ilə bağlı yeni məlumat açıqlanıb.
İLKİNxeber.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı son məlumata əsasən, hadisə zamanı ümumilikdə 25 Azərbaycan vətəndaşı gəmi heyətinin üzvü olub. Onlardan 4 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, əvvəlcə həlak olanlar sırasında göstərilən şəxslərdən birinin Azərbaycan vətəndaşı olmadığı müəyyən edilib. Onun Rusiya vətəndaşı olduğu bildirilir.
Hadisə nəticəsində həyatını itirən Azərbaycan vətəndaşlarından 1976 cı il təvəllüdlü Rəcəb Əhədovun və 1997 ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb. Hazırda onların nəşlərinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Nazirlikdən bildirilib ki, digər iki vətəndaşın olduğu “Zirkon” gəmisində partlayış təhlükəsi qaldığından gəmi hadisə yerində saxlanılıb. Rusiya xilasediciləri gəminin təhlükəsiz şəkildə limana çatdırılması üçün iş aparırlar. Axtarış və təhlükəsizlik tədbirləri başa çatdıqdan sonra həmin şəxslərin taleyi ilə bağlı daha dəqiq məlumat veriləcək.
Yaralanan dənizçilərdən Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan buraxılıb. Emin Valehov və Namiq Cəfərlinin də səhhətinin qənaətbəxş olduğu, müalicələri tamamlandıqdan sonra evə buraxılacaqları qeyd olunub.
Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinin əməkdaşları hadisə yerində fəaliyyət göstərir, vətəndaşlara zəruri dəstək göstərilir. Hazırda bütün Azərbaycan vətəndaşları Yeysk şəhərində yerləşdirilib və ailələri ilə əlaqə saxlayırlar. Sənədlərini itirmiş şəxslər üçün qayıdış şəhadətnamələri də hazırlanıb.
Xarici İşlər Nazirliyi faciə nəticəsində həyatını itirən vətəndaşların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
