bir ağac əkin
yolları kəsin
doğrayın məktəbli lenti kimi
yollar çox uzun olur
yorulur adam
yorulur
bu yolların uzunluğunda
yolları kəsin
parça parça olsun
hər parçanın sonunda
bir ağac əkin
yorulanlar kölgələnsin
Ümidlər
Səhər Günəş oyananda
mənimlə birgə
oyanar
ümidlər
mənimlə bir gəzər
mənimlə
dolanar
ümidlər
axşama dönəndə
ikimiz də yorularıq
əlimizdən nə gələr
Ay işığında
ulduzlar içində
itər ümidlər
və beləcə
mənimlə yaşayar ümidlər
məni də yaşadar ümidlər
ümidsiz yaşamaq olmur
ümidlə də yaşamaq çətin
bu qarda bu qırğında
nə qədər gələcək nəfəsin
Şəhidlər
şəhidlər
şəhidlər
analar bacılar atalar
gəlinlər və körpələr
dərdi çəkənlər bilər
bu qısa ömrü Allah
yaşamaq nə çətinmiş
göylərin hər bəlası
zavallı yerə enmiş
qırılan ömrün qanı
qarışıb göz yaşına
bu yük bu dərd bu əzab
tək cənnətə daşına
nə zaman tanıyan var
nə də bir aman verən
qaçar dünyadan qaçar
bu ağrıları görən
ruhumu itirmişəm
nəfəsdir gedib gələr
ilan vuran da yatmaz
dərdi çəkənlər bilər
əlimə nə gəldi ömrümdən
kəpənəkləri
qova -qova böyüdüm
çata bilmədim
əlimə qanadlarının tozu gəldi
kitabları sevdim
bir də çörək yeməyən
müəllimlərimi
əlimə onların ətri gəldi
qoyun-quzu otardım
köməyimə çatdı
çöllərin suyu
əyilib ayağımı yudu
əlimə sərini gəldi
soyuğundan
üşüdüm dünyanın
bir ilıq isti gəzdim
əlimə
gözümün yuxusu gəldi
nə sakit gecədi İlahi
bir ömür keçdi İlahi
əlimi uzatdım İlahi
əlimə torpaq gəldi
