Bu gündən etibarən Azərbaycanda Məhərrəm ayı başlayıb.
İLKİNxeber.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasına əsasən, Məhərrəm ayının ilk günü miladi təqvimlə iyunun 16 na təsadüf edir. Aşura günü isə iyunun 25 də qeyd olunacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciətində bildirilib ki, Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq mərasimləri dini qaydalara və milli mənəvi dəyərlərə uyğun şəkildə təşkil olunmalıdır.
Müraciətdə vurğulanıb ki, müxtəlif alətlərlə bədənə xəsarət yetirilməsi, qan çıxarılması, eləcə də insanların sağlamlığına zərər vura biləcək digər hərəkətlər İslam dininin mahiyyətinə uyğun hesab edilmir.
Bununla yanaşı, dini mərasimlərin yalnız məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirilməsinin vacibliyi qeyd olunub. Həmçinin xatırladılıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, təziyə mərasimləri zamanı ictimai asayişin pozulmasına, küçə yürüşlərinin təşkilinə, eləcə də dövlətçilik ənənələrinə və milli mənəvi dəyərlərə zidd çağırışların səsləndirilməsinə yol verilməməlidir.
