Yevlax rayonunda baş verən bədbəxt hadisə ölümlə nəticələnib.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisə iyunun 17-də axşam saatlarında rayonun Əkşəm kəndi ərazisində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov atasına məxsus evdə olarkən ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.
Bildirilir ki, o, aldığı güllə yarasından yaranan güclü qanaxma səbəbindən hadisə yerində həyatını itirib.
Hadisə yerinə baxış zamanı mərhuma məxsus, müvafiq sənədləri olan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
