İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə doktoranturaya qəbul prosesi ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.
O bildirib ki, imtahanların əsas məqsədi namizədlərin informatika üzrə istifadəçi səviyyəsində biliklərini, xarici dil bacarıqlarını və məntiqi təfəkkürünü yoxlamaqdır. Abbaszadənin sözlərinə görə, müasir dövrdə elmi fəaliyyət üçün ən vacib iki alət xarici dil və informasiya texnologiyalarıdır və bu sahələrdə biliklər uğur qazanmaq üçün zəruridir.
Sədr qeyd edib ki, magistraturaya qəbul zamanı namizədlərə bir neçə cəhd imkanı yaradılır və bu, onların zəif tərəflərini müəyyən edib inkişaf etdirməsinə şərait yaradır.
Doktoranturaya qəbul məsələsinə toxunan Məleykə Abbaszadə vurğulayıb ki, DİM yalnız xarici dil imtahanını təşkil edir. Onun sözlərinə görə, namizədlər bu imtahanda iştirak etməyə də bilər, əvəzində beynəlxalq dil sertifikatı təqdim edə bilərlər. Bildirilib ki, beynəlxalq imtahanların əksəriyyəti yerli imtahandan daha çətin olsa da, bu, əlavə maneə hesab olunmur.
Abbaszadə həmçinin cəmiyyətdə bəzi şəxslərin magistratura və ya doktoranturaya qəbul olunmaqla hərbi xidməti təxirə salmaq məqsədi güdə biləcəyi ehtimalına da diqqət çəkib və bu məsələnin müzakirəyə açıq olduğunu qeyd edib.
