Dövlət Komitəsi: Böyük Qayıdışla bağlı qərarlar yalnız qanunvericilik əsasında qəbul edilir
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdış prosesi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi iddialara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi maraq və tələbləri mövcud qanunvericilik çərçivəsində təmin edilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar yayaraq Böyük Qayıdış prosesinin gedişi və Komitənin fəaliyyəti barədə yanlış təsəvvür yaratmağa çalışırlar.
Açıqlamada Nuranə Abdullayevanın Ağdam şəhərində vəfat etmiş atasına məxsus olmuş yaşayış evinin əvəzinə yeni tikilən binalardan mənzil, alternativ olaraq isə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana tələb etdiyi qeyd olunub.
Komitə bildirib ki, aparılan araşdırma zamanı Abdullayevanın məcburi köçkün statusu olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilib. Qüvvədə olan qanunvericiliyə əsasən onun tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın olmadığı dəfələrlə izah edilib. Komitənin fikrincə, sonrakı video müraciətlərdə və sosial şəbəkə paylaşımlarında bu hüquqi məqamlar əks etdirilməyib və məsələ əsasən emosional formada təqdim olunub.
Komitə İntiqam Türbəndəyevin sosial şəbəkə paylaşımlarına da münasibət bildirib. Qeyd edilib ki, Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkünə Xanyurdu kəndində ailə tərkibinə uyğun üçotaqlı fərdi ev təklif olunub. Lakin onun beşotaqlı və özünün seçdiyi evin verilməsini tələb etdiyi bildirilib.
Dövlət Komitəsi vurğulayıb ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciətin qanunvericilikdən kənar qaydada həll edilməsi mümkün deyil.
