Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) idarəçiliyində olan əsas tarixi və mədəni irs məkanları üzrə dayanıqlı idarəetmə planları hazırlanaraq tətbiq edilir.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə DTA yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, dayanıqlılıq turizm siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul olunur və bu yanaşma ölkənin irs məkanlarının idarə olunmasında geniş şəkildə tətbiq edilir. Bildirilib ki, Şəki, Xınalıq və Agentliyin nəzarətində olan digər irs məkanlarının hər biri üzrə xüsusi dayanıqlı idarəetmə planları mövcuddur.
Qeyd edilib ki, bu planlar yalnız UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş əraziləri deyil, eyni zamanda digər tarixi və mədəni irs obyektlərini də əhatə edir.
Florian Zenqstşmid vurğulayıb ki, hazırlanmış sənədlər irs məkanlarının uzunmüddətli qorunmasına xidmət etməklə yanaşı, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, iqtisadi dayanıqlılıq və turizmin balanslı inkişafı kimi vacib istiqamətləri də özündə birləşdirir.
O əlavə edib ki, DTA üçün əsas prioritetlərdən biri tarixi-mədəni irsin qorunması ilə turizmin inkişafı arasında düzgün balansın təmin edilməsidir.
