ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, ölkə ərazisində yaxın günlərdə anomal isti hava şəraiti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir ki, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38 dərəcə, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın olacaq.
Bununla yanaşı, iyulun 25-29-da respublikanın əksər rayonlarında havanın maksimal temperaturunun 35-40 dərəcə təşkil edəcəyi gözlənilir. Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində isə temperaturun 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Mütəxəssislər vətəndaşlara günün ən isti saatlarında zərurət olmadıqca açıq havada qalmamağı, bol maye qəbul etməyi və günvurmadan qorunmaq üçün ehtiyatlı olmağı tövsiyə edirlər.
