Dəfn müavinəti ilə bağlı vacib məqamlar: Kimə 600 manat, kimə daha çox ödənilir?
Yaxınını itirən vətəndaşların qarşılaşdığı əsas məsələlərdən biri dəfn müavinətinin alınması ilə bağlı prosedurlardır. Azərbaycan qanunvericiliyinə əsasən, bu sosial təminat növündən yalnız ölkə vətəndaşları deyil, həmçinin Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana bilirlər.
İLKİNxeber.az xəbər verir ki, yaşa görə, əlilliyə görə və ya ailə başçısını itirməyə görə sosial müavinət alan şəxslər, eləcə də işsizlikdən sığorta ödənişi alan sığortaolunanlar vəfat etdikdə onların dəfn xərclərini qarşılayan şəxsə 600 manat məbləğində dəfn müavinəti ödənilir.
Əmək pensiyası alan şəxslərin vəfatı zamanı isə fərqli qayda tətbiq olunur. Belə hallarda dəfn müavinəti əmək pensiyasının minimum məbləğinin üç misli həcmində hesablanaraq ödənilir.
Qanunvericiliyə görə, dəfn müavinətinin alınması üçün müraciət müddətinə hər hansı məhdudiyyət qoyulmayıb. Vəsait mərhumun dəfnini təşkil edən və xərcləri öz üzərinə götürən şəxsə verilir.
Müavinətin rəsmiləşdirilməsi üçün vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya müvafiq əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.
Müraciət zamanı aşağıdakı sənədlər tələb olunur:
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ölüm haqqında şəhadətnamənin surəti;
• Dəfn müavinətinin verilməsi üçün təqdim olunan arayış;
• Dəfni təşkil edən şəxsi təsdiqləyən sənəd.
Bundan əlavə, 1 mart 2019-cu ilədək baş vermiş ölüm hallarında yerli icra nümayəndəliyinin, həmin tarixdən sonrakı hallarda isə bələdiyyənin təqdim etdiyi arayış tələb olunur.
Mütəxəssislər bildirirlər ki, sənədlərin tam şəkildə hazırlanması müraciət prosesinin daha qısa müddətdə yekunlaşmasına imkan yaradır.
