Azərbaycan Ordusunun Qarabağ bölgəsində qanunsuz erməni silahlı dəstələrinə qarşı həyata keçirdiyi “Qisas” antiterror əməliyyatından dörd il ötür.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, 2022-ci il avqustun 3-də baş verən hadisələr zamanı qeyri-qanuni erməni silahlı qruplaşmaları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan hərbi bölmələrinə qarşı terror-təxribat əməli törədiblər. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Anar Kazımov şəhid olub.
Bununla yanaşı, həmin silahlı dəstələr Kəlbəcər və Laçın istiqamətində yerləşən dağlıq ərazilərdə, xüsusilə Qırxqız yüksəkliyində mövqe tutmağa və yeni istehkamlar qurmağa cəhd ediblər.
Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Qırxqız yüksəkliyi, eləcə də Qarabağ silsiləsi boyunca yerləşən Sarıbaba və digər strateji yüksəkliklər nəzarətə götürülüb. Bundan sonra bölmələr tərəfindən möhkəmləndirmə işləri aparılıb, yeni mövqelər qurulub və təminat yolları çəkilib.
Əməliyyat çərçivəsində düşmənin bir sıra döyüş mövqeləri məhv edilib, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsində yerləşən hərbi obyektə hava zərbəsi endirilib. Nəticədə qarşı tərəfin canlı qüvvəsi itkilər verib, hərbi texnika, o cümlədən D-30 haubitsaları və nəqliyyat vasitələri sıradan çıxarılıb, çoxlu sayda sursat məhv edilib.
“Qisas” əməliyyatı Azərbaycan Ordusunun bölgədə təhlükəsizliyi təmin etmək və təxribatların qarşısını almaq istiqamətində qətiyyətli addımlarından biri kimi tarixə düşüb.
