Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə baş verən bədbəxt hadisə iki nəfərin ölümü ilə nəticələnib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, qayalıq sahədə dənizə girən 4 nəfər – 2 qız və 2 oğlan güclü axının təsiri ilə batma təhlükəsi ilə üzləşib. Hadisə zamanı 11 və 22 yaşlı iki oğlanın həyatını xilas etmək mümkün olmayıb. Digər iki nəfər isə sahilə çıxarılıb.
Məlumata əsasən, həyatını itirən şəxslər xalaoğlu olublar. Onların Moskvadan Bakıya toy mərasimində iştirak etmək üçün gəldikləri bildirilir.
Hadisə ilə bağlı TƏBİB-dən verilən məlumata görə, avqustun 2-də saat 20:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Buzovna qəsəbəsindən çağırış daxil olub. Əraziyə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
