İkinci Dünya müharibəsi dövrünə aid batırılmış alman hərbi gəmiləri Dunay çayında suyun səviyyəsinin azalması nəticəsində yenidən üzə çıxıb.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə Serbiyanın Prahovo yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Avropada davam edən isti hava şəraiti və quraqlıq səbəbindən çayda suyun səviyyəsi xeyli aşağı düşüb. Bu hal Serbiya və Xorvatiyada rekord göstəricilərlə müşahidə olunub və nəticədə uzun illər əvvəl batmış gəmilər görünməyə başlayıb.
Məlumata görə, aprel ayına qədər mütəxəssislər Dunayın dibindən yeddi gəmini çıxarıblar, səkkizinci gəminin çıxarılması istiqamətində isə hazırlıq işləri davam edir. İşlərə başlamazdan öncə dalğıclar və istehkamçılar tərəfindən gəmi qalıqları yoxlanılır. Çünki onların daxilində mina və digər partlamamış sursatların qalması ehtimalı var.
Bəzi iri qalıqlar tam şəkildə çıxarılmayıb, hissələrə ayrılıb və ya gəmiçiliyə mane olmaması üçün daha dərin sahələrə köçürülüb.
Prahovo ətrafında Dunayın təmizlənməsi məqsədilə Avropa Komissiyası tərəfindən 16,5 milyon avro qrant ayrılıb. Bundan əlavə, layihəyə Avropa İnvestisiya Bankı tərəfindən təxminən 14 milyon avro vəsait yönəldilib. Layihənin ilkin mərhələsində 21 gəminin çıxarılması planlaşdırılır. Ümumilikdə isə həmin ərazidə çayın dibində 200-ə yaxın gəmi qalıqlarının olduğu ehtimal edilir.
Qeyd edək ki, bu gəmilər Almaniya donanmasına məxsus olub və 1944-cü ildə alman qoşunları Kladovo istiqamətində geri çəkilərkən onların sovet ordusunun əlinə keçməməsi üçün qəsdən batırılıb.
