Los-Anceles sakini Benjamin Azariah Sautvort ABŞ Prezidenti Donald Trampı ölümlə hədələməkdə və onun şəxsi vəkili ilə ailə üzvlərini internet üzərindən təqib etməkdə ittiham olunaraq həbs edilib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Kaliforniyanın Mərkəzi Dairəsinin Prokurorluğu məlumat yayıb.
Məlumata görə, daha əvvəl podkastlar hazırlayan Sautvorta üç ittiham irəli sürülüb. O, ABŞ prezidentini ölümlə hədələmək, Trampın şəxsi vəkilini və onun ailəsini internet vasitəsilə izləmək və təqib etməkdə günahlandırılır.
İstintaqın məlumatına əsasən, Sautvort “YouTube”, “Instagram” və “TikTok” hesablarından, həmçinin şəxsi internet saytından istifadə edərək Donald Trampa və onun tərəfdarlarına qarşı nifrət və təhdid xarakterli ifadələr yayıb.
Həmçinin onun Trampın şəxsi vəkilinin ailə üzvlərinə qarşı internet üzərindən təqib xarakterli hərəkətlər etdiyi bildirilir.
Sautvortun təqsiri məhkəmədə sübuta yetirilərsə, ona ümumilikdə 12 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
