İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Gürcüstan hökuməti Azərbaycanla aparılan danışıqlar nəticəsində əlverişli qiymətlə 2 milyard kubmetrdən artıq təbii qazın tədarükünə dair təminat əldə edib.
Məlumata görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin illik fəaliyyət hesabatını təqdim edərkən bildirib.
Baş nazir qeyd edib ki, hesabat dövründə ölkədə qazlaşdırma layihələri uğurla davam etdirilib, 60-dan çox yaşayış məntəqəsi qaz şəbəkəsinə qoşulub. Nəticədə təxminən 10 min ev təsərrüfatı təbii qazla təmin edilib.
İrakli Kobaxidzenin sözlərinə görə, Azərbaycanla qaz təchizatı məsələsi üzrə aparılan danışıqlar uğurla yekunlaşıb və bu razılaşma Gürcüstanın enerji təhlükəsizliyinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O vurğulayıb ki, əldə olunan saziş ölkənin uzunmüddətli enerji təminatının etibarlılığını artıracaq və strateji əməkdaşlığın inkişafına töhfə verəcək.
