İsveçrədə əhalinin sayının məhdudlaşdırılması ilə bağlı mübahisəli təşəbbüs bu həftəsonu keçiriləcək referendumda seçicilərin müzakirəsinə çıxarılır.
İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülən təklifə əsasən, ölkə əhalisinin 2050-ci ilədək 10 milyon nəfərlə məhdudlaşdırılması nəzərdə tutulur. Təşəbbüs son illərdə əhalinin sürətli artımının infrastruktur, mənzil təminatı, təhsil sistemi və sosial xidmətlər üzərində yaratdığı yükün azaldılması məqsədi daşıyır.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, plan çərçivəsində əhalinin sayı 9,5 milyon nəfərə çatacağı halda ailə birləşməsi müraciətləri, yaşayış icazələri və sığınacaq prosedurları üzrə daha sərt məhdudiyyətlərin tətbiqi gündəmdədir.
Təklifdə həmçinin bildirilir ki, əhali 10 milyon nəfəri keçərsə, hökumət Avropa İttifaqı ilə bağlanmış sərbəst hərəkət sazişini ləğv etməyə məcbur qala bilər.
İsveçrədə referendumun qəbul olunması üçün həm ümumxalq səsverməsində çoxluğun, həm də kantonların əksəriyyətinin dəstəyi tələb olunur. Səsvermənin nəticələrinin bazar günü açıqlanacağı gözlənilir.
