Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası ilə bağlı sərəncam imzalayıb.
İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, sərəncama əsasən, Fondun 2025-ci il üzrə gəlirləri 17 milyard 160 milyon manat, xərcləri isə 14 milyard 627 milyon manat təşkil edib.
Fondun əsas gəlirləri karbohidrogenlərin satışından, valyuta aktivlərinin idarə olunmasından və bonus ödənişlərindən formalaşıb. Xərclərin böyük hissəsi — 14 milyard 481 milyon manat dövlət büdcəsinə transfert edilib.
Prezident həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yaşıllıqlarla bağlı bəzi prosedurlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Rəqəmsal ekologiya” informasiya sistemi üzərindən elektron formada həyata keçiriləcək.
Digər fərman isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədardır. Yeni qaydalara əsasən, inzibati xəta protokolları və qərarlar elektron kabinet vasitəsilə vətəndaşlara çatdırılacaq, məlumatlar “ASAN ödəniş” və digər dövlət informasiya sistemlərinə inteqrasiya olunacaq.
