ilkinxeber.az informasiya agentliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə mina partlayışlarının baş verdiyi dəqiq nöqtələrin müəyyənləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlanılır.
Layihə çərçivəsində mina insidenti zamanı zərərçəkən şəxslər hadisənin baş verdiyi əraziyə aparılacaq və minaya düşdükləri nöqtənin dəqiq koordinatları yerində qeydə alınacaq. Toplanan məlumatlar əsasında geniş hesabat hazırlanaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə təqdim ediləcək.
Layihənin icraçıları bildirirlər ki, bu təşəbbüsün həyata keçirilməsində ANAMA-nın dəstəyi mühüm əhəmiyyət daşıyır. Qeyd olunur ki, agentlik indiyədək olduğu kimi, layihənin bu mərhələsində də yaxından əməkdaşlıq edəcək.
Layihənin ilk mərhələsi Ağdam, Ağdərə və Tərtər rayonlarını əhatə edəcək. Növbəti mərhələlərdə isə işğaldan azad edilmiş digər ərazilərdə də mina insidenti yerlərinin koordinatlarının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Layihə iştirakçıları bildirirlər ki, bu təşəbbüs Azərbaycanda ilk dəfə həyata keçiriləcək. Onların sözlərinə görə, peşəkar komandanın təcrübəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi layihənin uğurla icra olunmasına imkan yaradacaq.
