İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, avqustun 15-dən Bakı Metropolitenində “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.
Bu səbəbdən “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkəti təxminən 10-11 ay müddətində dayandırılacaq. Layihənin əsas məqsədi metro xətləri arasında asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və sərnişindaşımanın dayanıqlılığını artırmaqdır.
Tikinti müddətində metroda hərəkət yeni sxem üzrə təşkil olunacaq. “İçərişəhər” – “Əhmədli” istiqamətində qatarlar 2 dəqiqə 30 saniyəlik, “Dərnəgül” – “Nizami” istiqamətində isə 3 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. “Cəfər Cabbarlı” – “Xətai” sahəsində məkik hərəkət 7 dəqiqəlik intervalla davam etdiriləcək.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yerüstü nəqliyyatda da əlavə tədbirlər görülüb. AYNA tərəfindən yeni ekspres avtobus marşrutları istifadəyə verilib.
Yeni ekspres marşrutlar:
M1 – “Elmlər Akademiyası” – “28 May”
M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”
M3 – “20 Yanvar” – “Nizami” – “28 May”
M4 – “20 Yanvar” – “Koroğlu”
M5 – “20 Yanvar” – “Gənclik”
M6 – “Elmlər Akademiyası” – “Gənclik”
Avtobuslar metronun iş rejiminə uyğun olaraq 06:00-dan 00:00-dək fəaliyyət göstərəcək və ödənişli əsaslarla xidmət göstərəcək.
Bundan əlavə, bir sıra mövcud marşrutlarda avtobusların sayı artırılacaq və intervallar azaldılacaq. Sərnişinlərə xüsusilə “Nizami” və “28 May” stansiyaları arasında hərəkət edərkən yeni nəqliyyat sxemini nəzərə almaları tövsiyə olunur.
