Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğal dövründə xalqımıza və mədəni irsimizə qarşı törətdiyi dağıntıların unudulmayacağını bəyan edib.
İLKİNxeber.az xəbər verir ki, dövlət başçısı bu fikirləri İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı səsləndirib.
Prezident bildirib ki, işğal illərində Azərbaycan şəhərləri və kəndləri məqsədli şəkildə viran qoyulub, ölkəmizin dini və tarixi abidələri ciddi vandalizmə məruz qalıb. Onun sözlərinə görə, dağıdılan 65 məscid xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Dövlət başçısı vurğulayıb ki, işğalçılar tərəfindən məscidlərin təhqir olunması, həmin ibadət ocaqlarında donuz və digər heyvanların saxlanılması təkcə Azərbaycana deyil, bütövlükdə İslam dünyasına qarşı hörmətsizlik nümunəsi olub.
“Biz xalqımıza, şəhərlərimizə və dini irsimizə qarşı törədilən bu vandalizm aktlarını heç vaxt unutmayacağıq”, deyə Prezident İlham Əliyev qeyd edib.
