İnzibati Xətalar Məcəlləsinə bir sıra mühüm dəyişikliklər edilib.
ilkinxeber.az informasiya agentliyi President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.
Dəyişikliklə Məcəlləyə inzibati xəta törətmiş və psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi ilə bağlı yeni maddə əlavə olunub. Təxirəsalınmaz psixiatriya yardımının gecikdirilməsi şəxsin özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradırsa, müəyyən hallarda onun razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə qərar qəbul edilə biləcək.
Bununla yanaşı, kibertəhlükəsizliyin təmin edilməsi sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyənləşdirilib.
Kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər barədə məlumatların vaxtında təqdim edilməməsinə, aidiyyəti sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına, kiberinsidentlərin real vaxt rejimində monitorinq edilməməsinə və digər kibertəhlükəsizlik tələblərinin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimələnə biləcək.
Reyestrə daxil edilmədən kompüter insidentlərinə qarşı mübarizə mərkəzi və təhlükəsizlik əməliyyatları mərkəzi kimi fəaliyyət göstərən vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə ediləcək.
Prezident İlham Əliyev yeni qanunun tətbiqinin təmin edilməsi ilə bağlı fərman da imzalayıb.
