Azərbaycanda regionlara turist səfərlərinin artırılması məqsədilə dəmiryol nəqliyyatından istifadə imkanlarının genişləndirilməsi planlaşdırılır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində turistlər üçün yeni dəmiryol bilet paketlərinin yaradılması nəzərdə tutulur.
Proqrama əsasən, regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması, dəmiryol biletlərinin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası və turist səfərlərinin planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi həyata keçiriləcək.
Bununla yanaşı, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmiryol bileti paketlərinin, həmçinin ayrı-ayrı turizm destinasiyaları üzrə güzəştli bilet təkliflərinin hazırlanması planlaşdırılır.
Sənəddə Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi və regionlarda turizm informasiya xidmətlərinin genişləndirilməsi də əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
