Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə “Daimi Məskunlaşma Fondu” adlı yeni hüquqi institutun yaradılması nəzərdə tutulur.
“ilkinxeber.az” xəbər verir ki, məsələ Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, fondun yaradılmasında əsas məqsəd keçmiş məcburi köçkünlərin doğma yurdlarına daimi və dayanıqlı şəkildə yerləşdirilməsini təmin etməkdir. Bildirilib ki, fondun tərkibinə daxil ediləcək yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid ediləcək və həmin mənzillər vətəndaşların mülkiyyətinə veriləcək.
Eyni zamanda, vətəndaşların bu mənzillərə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qeyd olunub ki, Mənzil Məcəlləsi ilə yanaşı, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunvericilik aktlarına da dəyişikliklərin edilməsi planlaşdırılır.
Yeni hüquqi mexanizmin Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və məskunlaşma prosesinə əlavə dəstək verəcəyi vurğulanır.
