DTX-nin əməliyyatından sonra: “Süleyman camaatı” ilə bağlı məhkəmədə yeni ifadələr
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzə çıxarılan “Süleyman camaatı” ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan iş üzrə əsas təqsirləndirilən şəxs özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi təqdim edən Səid Mehman oğlu Mikayılovdur.
İstintaq materiallarına əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının rəhbərliyi ilə Bakıda müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərən obyektlərdə dini tədris və ayinlər təşkil edilib. Bildirilir ki, bu fəaliyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə müvafiq razılaşdırma aparılmadan və azyaşlıların da cəlb edilməsi ilə həyata keçirilib.
Məhkəmədə şahid qismində ifadə verən “Nəsimi” tələbə yataqxanasının keçmiş rəhbəri İbrahim Teymurov bildirib ki, əvvəlcə həmin yataqxanada nəzarətçi və mühafizəçi kimi çalışıb, daha sonra tələbələrə Quran dərsləri keçib və Səid Mikayılov tərəfindən rəhbər təyin olunub.
Onun sözlərinə görə, tələbələrdən aylıq 150 manat ödəniş alınırdı. Bu məbləğ qarşılığında yataqxanada qalmaq və gündə üç dəfə qidalanmaq imkanı yaradılırdı. Teymurov həmçinin tələbələrə Quran, dini ayələr, əxlaq və təmizliklə bağlı dərslər keçirildiyini, dini ayinlərin də təşkil olunduğunu bildirib.
Şahid qeyd edib ki, dini tədrislə bağlı fəaliyyət üçün aidiyyəti dövlət qurumunda qeydiyyat aparılmayıb.
Digər şahid İsmayıl Sərvərli isə Səid Mikayılovun Bakıxanov qəsəbəsində açdığı tədris mərkəzində rəhbər işlədiyini deyib. Onun ifadəsinə görə, mərkəzdə şagirdlərə ədəbiyyat, riyaziyyat və ingilis dili üzrə hazırlıq dərsləri keçirilib, eyni zamanda bina yataqxana kimi də istifadə olunub.
Sərvərli müəllimlərin bir qisminin əmək müqaviləsi olmadan çalışdığını və bunun vergi öhdəliklərindən yayınmaq məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, mərkəzdə maddi çətinlik yarandıqdan sonra girişdə nəzir qutusu da yerləşdirilib.
Məhkəmədə ifadə verən Elton Abdullayev isə Binəqədidə yerləşən tələbə yataqxanasında təxminən bir il müdir vəzifəsində çalışdığını deyib. O, yataqxanada 17-18 tələbənin qaldığını və hər tələbədən aylıq 150 manat ödəniş alındığını bildirib.
Abdullayevin sözlərinə görə, yataqxanada tələbələrə ərəb əlifbası və Qurani-Kərim tədris olunub, namaz qılınması qaydaları öyrədilib və dini ayinlər birgə həyata keçirilib. Şahid dini dərsləri keçirən şəxslərin dini təhsili olsa da, bunun üçün ayrıca icazələrinin olmadığını söyləyib.
Şahid həmçinin yataqxanada xərclərin qarşılanması üçün sədəqə qutusunun qoyulduğunu və həmin qutuya tələbələr, onların valideynləri və digər şəxslər tərəfindən pul atıldığını bildirib.
Qeyd edək ki, “Süleyman camaatı” ilə bağlı Azərbaycanda tədbirlərin 2026-cı ilin yanvarından başladığı, qruplaşmaya aid olduğu bildirilən bir sıra dərs mərkəzləri və uşaq bağçalarının fəaliyyətinin dayandırıldığı açıqlanıb.
Məhkəmə iclasında digər şahidlərin ifadələrinin alınması sentyabrın 30-da davam etdiriləcək.
