İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, IV ixtisas qrupu üzrə yüksək nəticə göstərməsinə baxmayaraq ali məktəblərə qəbul ola bilməyən bəzi abituriyentlər üçün hərbi tibb və hərbi mühəndislik istiqamətlərində əlavə imkan yaradılıb.
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib ki, bu il IV ixtisas qrupu, xüsusilə də tibb ixtisasları üzrə yüksək rəqabətlə yadda qalıb. Nəticədə 600-dən çox bal toplayan bəzi abituriyentlər belə arzuladıqları mülki ixtisaslara qəbul ola bilməyiblər.
Onun sözlərinə görə, aidiyyəti hərbi qurumla aparılan müzakirələr nəticəsində hərbi tibb istiqamətində yaranan əlavə yerlərə müəyyən tələblərə cavab verən yüksək nəticəli IV qrup abituriyentlərinin müraciət etməsinə şərait yaradılması nəzərdə tutulur.
Hərbi tibb üzrə təhsil almaq istəyən namizədlərin tibbi müayinədən keçməsi isə yeni tələb deyil. Bu şərt əvvəlki illərdə də hərbi tibb ixtisaslarına qəbul zamanı tətbiq olunub.
Bundan əlavə, hərbi mühəndislik istiqamətlərində boş qalan yerlər üçün də IV ixtisas qrupu abituriyentlərinə müraciət imkanı veriləcək. IV qrup üzrə 450 və daha yüksək bal toplayan və müəyyən edilmiş tələblərə cavab verən namizədlər həmin yerlərə müraciət edə biləcəklər.
Məleykə Abbaszadə qeyd edib ki, namizədlərin buraxılış imtahanında riyaziyyat, IV qrup üzrə qəbul imtahanında isə fizika və kimya fənlərindən nəticələri mövcuddur. Bu da onların hərbi mühəndislik proqramları üçün zəruri hazırlığının qiymətləndirilməsinə imkan verir.
Qəbul şərtləri, tibbi müayinə və digər tələblər, eləcə də müraciət qaydası aidiyyəti hərbi qurum tərəfindən rəsmi şəkildə açıqlanacaq.
DİM sədri xüsusi vurğulayıb ki, bu imkan müsabiqə nəticələrinin dəyişdirilməsi və ya hər hansı abituriyentə fərdi üstünlük verilməsi anlamına gəlmir. Əlavə yerlərlə bağlı məlumat bütün uyğun namizədlər üçün açıq şəkildə elan ediləcək.
Eyni zamanda, Məleykə Abbaszadə gənclərə xəbərdarlıq edib ki, hərbi tibb və hərbi mühəndislik yalnız ali məktəbə qəbul üçün alternativ seçim kimi nəzərdən keçirilməməlidir. Bu istiqamətləri seçmək həm də gələcək peşə ilə yanaşı, hərbi xidmət yolunu seçmək deməkdir.
Bu səbəbdən sözügedən imkanlardan yalnız hərbi sahəyə real marağı olan və gələcəyini hərbi peşə və xidmətlə əlaqələndirməyə hazır olan gənclərin yararlanması tövsiyə olunur.
