Bakıda daha iki küçədə yol təmiri başladı, hərəkət məhdudlaşdırıldı
Bakıda nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkili məqsədilə daha iki yol sahəsində təmir işlərinə start verilib.
İLKİNxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Xan Şuşinski küçəsinin Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək olan hissəsində iyulun 2 saat 10:00-dan etibarən təmir işlərinə başlanılıb. Bu səbəbdən həmin ərazidə iyulun 4 saat 07:00-dək nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Həmçinin Hüseyn Cavid prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək olan hissəsində iyulun 2 saat 10:00-dan iyulun 3 saat 22:00-dək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Daha sonra isə iyulun 3 saat 22:00-dan iyulun 6 saat 07:00-dək həmin hissədə hərəkət tam dayandırılacaq.
Agentlik sürücülərə qeyd olunan müddətlər ərzində alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, hazırda Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində, eləcə də Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək olan hissəsində də əsaslı təmir işləri davam etdirilir.
