Avqustun 1-dən etibarən Azərbaycanda bank kartları ilə həyata keçirilən kartdan karta köçürmələr üzrə yeni məhdudiyyətlər qüvvəyə minib.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı ilə ölkədə fəaliyyət göstərən kommersiya bankları arasında əldə olunan razılaşmaya əsasən rəqəmsal ödənişlərin təhlükəsizliyinin və maliyyə əməliyyatlarında şəffaflığın artırılması məqsədilə yeni qaydalar tətbiq edilir.
Yeni tələblərə əsasən, bir bank kartı ilə gün ərzində maksimum 5 kartdan karta köçürmə əməliyyatı aparmaq mümkündür. Eyni zamanda, bir kart gün ərzində 5 dəfə də vəsait qəbul edə bilər.
Kartdan karta köçürmələrin sayı məhdudlaşdırılsa da, gündəlik məbləğ üzrə limit müəyyən edilməyib. Bununla yanaşı, aylıq köçürmə məbləği üçün 20 min manat həddi tətbiq olunub.
Müştərinin özünə məxsus bank kartları arasında həyata keçirilən köçürmələr isə bu məhdudiyyətlərə daxil edilmir.
Yeni qaydalar yalnız kartdan karta əməliyyatlarla məhdudlaşmır. Ödəniş kartlarının və elektron cüzdanların istifadəsi ilə bağlı da müəyyən limitlər müəyyənləşdirilib. Belə ki, bir şəxs manatla maksimum 2 elektron cüzdandan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdandan istifadə edə biləcək.
Məlumata görə, tətbiq edilən məhdudiyyətlərin əsas məqsədi maliyyə əməliyyatlarında şəffaflığın gücləndirilməsi, dələduzluq hallarının qarşısının alınması, vergidən yayınma risklərinin azaldılması və qanunsuz mərc oyunları ilə mübarizənin daha effektiv təşkil edilməsidir.
Qeyd edək ki, indiyədək yeni qaydalarla bağlı rəsmi açıqlama yalnız Azər Türk Bank tərəfindən verilib. Digər banklar isə məsələ ilə bağlı müştərilərinə hər hansı rəsmi bildiriş təqdim etməyiblər.
