ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, son dövrlərdə ölkə xaricində fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrupların süni intellekt texnologiyalarından istifadə etməklə yeni kiberhücumlar həyata keçirdiyi müşahidə olunur.
DTX-nın məlumatına görə, kibercinayətkarlar süni intellekt alqoritmləri və xüsusi proqram təminatları vasitəsilə dövlət qulluqçularını, müxtəlif müəssisələrin əməkdaşlarını və vətəndaşları hədəfə alırlar.
Cinayətkarlar əvvəlcədən hazırlanmış ssenarilər əsasında şəxslərə guya “təcili” və “vacib” xarakterli mesajlar göndərir, daha sonra onları hüquq-mühafizə orqanlarının və digər rəsmi qurumların adından yaradılmış saxta hesablara yönləndirirlər.
Bu üsulla zərərçəkənlərdən xarici hesablara pul köçürmək və müxtəlif qanunsuz tapşırıqları yerinə yetirmək tələb olunur.
DTX vətəndaşları rəqəmsal mühitdə diqqətli olmağa, şübhəli mesaj, tələb və ya müraciətlə qarşılaşdıqda isə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb.
