Prezident İlham Əliyev 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı” çərçivəsində təqdim olunan 500 min ABŞ dollarının Qarabağ Dirçəliş Fonduna köçürülməsinə qərar verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam dövlət başçısı ilə görüşüb. Görüş zamanı o, Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını təqdim edib.
Azərbaycan Prezidenti bu mükafata Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb.
Mükafatın maliyyə hissəsi 500 min ABŞ dolları təşkil edir. Dövlət başçısının qərarına əsasən, vəsait Qarabağda bərpa və quruculuq prosesinin dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fonduna yönəldiləcək.
