Bakıda sahibkara məxsus “Range Rover” markalı avtomobildən təxminən 11 min manat pul oğurlamaqda təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
ilkinxeber.az informasiya agentliyi məlumat verir ki, 1992-ci il təvəllüdlü Röyal Abbasov Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilib.
Araşdırma zamanı məlum olub ki, o, tikinti materiallarının daşınması və alqı-satqısı ilə məşğul olan sahibkarın avtomobilindən pul oğurlayıb.
Hadisə sahibkarın Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında yerləşən restoranlardan birində yemək yeməsi və spirtli içki qəbul etməsindən sonra baş verib. Sahibkar evinə getmək üçün tanışı Röyal Abbasovdan ayıq sürücü kimi kömək istəyib.
Röyal Abbasov sahibkarı onun “Range Rover” markalı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən evinə aparıb. İstintaqla müəyyən edilib ki, həmin vaxt o, avtomobildən 3 500 ABŞ dolları və 5 050 manat olmaqla, ümumilikdə təxminən 11 min manat pulu gizli şəkildə götürüb.
Təqsirləndirilən şəxs əməlini özünün və anasının banka olan borcları ilə əlaqələndirib.
Məhkəmədə zərərçəkmiş sahibkar ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Röyal Abbasov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. O, cəzasını elektron nəzarət vasitəsi — elektron qolbaq altında çəkəcək.
