İlkinxeber.az İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iyulun 5-i axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Rusiya tərəfinə kəskin etiraz bildirilib və müvafiq nota təqdim olunub.
XİN-də qeyd edilib ki, bu, Ukrayna ərazisində SOCAR obyektlərinə qarşı baş verən ilk hadisə deyil. Daha əvvəl qazpaylayıcı kompressor stansiyası və Odessadakı neft bazası da daxil olmaqla, şirkətə məxsus bir sıra obyektlər hərbi zərbələrə və digər dağıdıcı təsirlərə məruz qalıb. Nəticədə şirkətə ciddi maddi ziyan dəyib, əməkdaşlar arasında yaralananlar olub.
Azərbaycan tərəfi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu cür hadisələrin davam etməsinin hücumların məqsədyönlü həyata keçirildiyini göstərdiyini bildirib.
Görüşdə Kiyevdə yerləşən Azərbaycanın səfirliyi və Xarkovdakı Fəxri Konsulluğun binalarının da bir neçə hava zərbəsi nəticəsində zərər gördüyü diqqətə çatdırılıb. Diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması ilə bağlı Vyana Konvensiyalarından irəli gələn öhdəliklərə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.
Rusiya tərəfi qeyd olunan faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş verənlərlə bağlı izahat verməyə, həmçinin mülki obyektlərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.
