Türkiyə bu gündən etibarən beynəlxalq gəmilərin Bosfor və Dardanel boğazlarından keçidi üçün tətbiq olunan tranzit rüsumunu artırıb.
İLKİNxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin qərarı ilə tranzit haqqı təxminən 15 faiz yüksəldilib.
Yeni qaydalara əsasən, hər xalis ton üçün ödənilən rüsum 5,83 ABŞ dollarından 6,7 ABŞ dollarına qaldırılıb. Hesablamalar əvvəlki kimi gəmilərin xalis tonnajı əsasında aparılacaq.
Məlumata əsasən, yeni tarif 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.
Nazirliyin açıqladığı rəqəmlərə görə, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək Bosfor və Dardanel boğazlarından tranzit keçidlərdən əldə olunan gəlir 223 milyon ABŞ dolları olub. Son bir ildə isə bu göstərici təxminən 254 milyon ABŞ dollarına yüksəlib.
Bildirilib ki, 2025-ci il ərzində Bosfor və Dardanel boğazlarından 40 mindən çox gəmi keçid edib.
