Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla Ermənistan arasında rəsmi sülh sazişi imzalanmasa da, faktiki sülhün artıq mövcud olduğunu bildirib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, nazir TRIPP layihəsinin həyata keçirilməsi üçün sülhün vacib olduğunu vurğulayıb.
“TRIPP layihəsinin işə salınması üçün sülh lazımdır və o da artıq mövcuddur”, – deyə Mirzoyan qeyd edib.
Nazir sülh müqaviləsinin əvvəlcə imzalanmasının, daha sonra isə birgə layihələrin həyata keçirilməsinin daha məntiqli görünə biləcəyini etiraf edib. Bununla belə, onun sözlərinə görə, real şəraitdə proseslər hər zaman bu ardıcıllıqla inkişaf etmir.
Mirzoyan TRIPP və digər birgə təşəbbüslərin reallaşdırılmasının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə də müsbət təsir göstərə biləcəyini istisna etməyib.
