İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün dövlət rüsumlarının artırılmasını nəzərdə tutan qanunu imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
Yeni qanuna əsasən, Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 4 200 rubldan 50 min rubla qaldırılıb. Müvəqqəti yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün ödəniş 1 920 rubldan 15 min rubla, daimi yaşamaq icazəsi üçün isə 6 min rubldan 30 min rubla yüksəldilib.
Bundan başqa, xarici işçilərin əmək fəaliyyətinə cəlb olunmasına icazə verilməsi üçün dövlət rüsumu da artırılıb. Yeni qaydalara əsasən, hər bir xarici mütəxəssis üçün bu məbləğ 15 min rubl təşkil edəcək.
Qanunda müəyyən kateqoriyalara güzəştlər də nəzərdə tutulub. Belə ki, əvvəllər SSRİ vətəndaşı olmuş, həmvətənlərin köçürülməsi üzrə dövlət proqramında iştirak edən şəxslər, vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri Rusiya vətəndaşlığını alarkən dövlət rüsumu ödəməkdən azad edilirlər.
Eyni zamanda, Rusiya üçün xüsusi maraq kəsb edən xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri müvəqqəti və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi zamanı da dövlət rüsumundan azad olunacaqlar.
Həmçinin, “xüsusi hərbi əməliyyat” dövründə Rusiya Silahlı Qüvvələri ilə hərbi xidmət müqaviləsi bağlamış əcnəbilər Rusiya vətəndaşlığının alınması və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumlarını ödəməyəcəklər.
